Journal article
“Mucəm Əl-Buldən” Əsəri Azərbaycan Orta Əsr Arxeoloji Abidələrinin Öyrənilməsində Mənbə Kimi
Abstract
Ərəb coğrafiyaşünas səyyahı Yaqut əl-Həməvinin XII–XIII əsrlərdə qələmə aldığı “Mucəm əl-Buldən” əsəri, Azərbaycanın orta əsr arxeoloji abidələri haqqında əhəmiyyətli məlumatlar təqdim edən bir coğrafi lüğət olaraq xüsusi elmi dəyərə malikdir. Əsərdə Bərdə, Təbriz, Şamaxı, Gəncə, Beyləqan, Ərdəbil, Dərbənd və digər şəhərlərin iqtisadi, sosial və mədəni həyatı, əhali tərkibi, dilləri, təsərrüfat strukturları və ticarət yolları haqqında ətraflı təsvirlər yer alır. Həmçinin, əsərdə orta əsr kənd yaşayış məntəqələri haqqında zəngin məlumat verilərək, bu məntəqələrin yerləşmə xüsusiyyətləri və əhalinin təsərrüfat fəaliyyəti əks olunur. Əsərin mühüm bölmələrindən biri də qala və istehkam tikililərinin memarlıq xüsusiyyətləri, yerləşmə coğrafiyası və müdafiə funksiyalarına dair təsvirlərdir. “Mucəm əl-Buldən”ın müasir arxeoloji tədqiqatlarla uyğunluğu, onun elmi əhəmiyyətini daha da artırır. Belə ki, Bərdə, Təbriz, Şamaxı və digər abidələrdə aparılan qazıntılar, Yaqut əl-Həməvinin əsərində təsvir etdiyi şəhərsalma quruluşunu, ipəkçilik, sənətkarlıq və ticarət fəaliyyətlərini maddi dəlillərlə dəstəkləyir. Eyni zamanda, əsərdə bəhs edilən bəzi qalalar müasir dövrdə arxeoloji abidə kimi qeydə alınmış və tədqiq edilmişdir. Hazırkı araşdırmada, Azərbaycan orta əsr arxeoloji abidələri haqqında təqdim olunan məlumatlar müasir arxeoloji qazıntılarla müqayisə edilmiş və Yaqut əl-Həməvinin əsərinin Azərbaycanın orta əsr arxeologiyasının öyrənilməsindəki rolu müəyyən edilmişdir.
Keywords
56 views · 73 downloads
